“Azərbaycan diqqətli olmalıdır, çünki Kreml özünü çox çirkin və murdar aparır” – ŞOK AÇIQLAMA

“Azərbaycan diqqətli olmalıdır, çünki Kreml özünü çox çirkin və murdar aparır” – ŞOK AÇIQLAMA


Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlar ara vermir. Belə ki, düşmən tərəfi qəfil hərbi əməliyyatlara başlayıb və döyüş postlarımıza hücum olunub. Azərbaycan hərbçiləri düşmən təxribatlarının qarşısını layiqincə alsalar da, Ermənistan tərəfinin belə bir addım atmasının arxasında kimlərin və nələrin dayandığı hər kəsdə sual doğurur.

TTVXEBER.COM
xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov maraqlı məqamlara toxunub. O bildirib ki, bütün proseslər Moskvadan idarə olunur: “Hər şey Rusiyanın diqtəsi ilə həyata keçirilir. Moskva Ermənistanın əli ilə bölgədə öz maraqlarını həyata keçirməyə çalışır.

Bilirsiniz ki, Rusiya və İran prezidentləri baş verən prosesləri müzakirə ediblər. Bütün bunlar üçbucaq şəklində aparılır. Ona görə də Azərbaycan maksimum təmkinli olmalı və Rusiyanın hiylələrinə inanmamalıdır. Üç gün öncə terrorçu Mirzoyanı Rusiya çox rahat şəkildə Ermənistana qaytardı. Ümumiyyətlə, Rusiya Azərbaycanı aldadıb. Öz sülhməramlı missiyası ilə Azərbaycana gələn Rusiya sonradan fikrini dəyişib və başqa xülyalara düşüb. Artıq qeyri-qanuni olaraq “Mİ-17” döyüş helikopterlərini və digər sursatlarını Qarabağda yerləşdirib”.

Üzeyir Cəfərov əlavə edib ki, Paşinyan Rusiya və İranın oyununu oynayır: “Azərbaycan diqqətli olmalı və sülhməramlıların Qarabağdan çıxarılması məsələsini gündəmə gətirməlidir. Biz Rusiyanın oyunlarına göz yumduqca, Kreml daha da irəli gedir.

Ona görə də Putinin hikkəsinin qarşısını almalıyıq. Ermənistan kimdir ki, bizim mövqelərimizi artilleriya atəşinə tutsun? Baş verənlərin səbəbkarı Rusiyadır. ATƏT-in Minsk Qrupunun bədnam həmsədrləri bəyanat verib, məsələdən narahat olduqlarını bildirirlər. Bütün bunlar hamısı Moskvadan idarə olunur. ATƏT-in Minsk Qrupunun həmsədrləri axşam saatlarında bəyanat verəcəklər, Bakıya, İrəvana səfər edəcəklər. Bunlar böyük bir oyunun tərkib hissəsidir. Azərbaycan bu məsələnin kökünü kəsmək üçün erməni silahlı birləşmələrini zərərsizləşdirməli, Rusiya sülhməramlılarını da bölgədən çıxarmalıdır. Çünki onlar bizə hələ çox problem yaradacaqlar”.



Hərbi ekspertin sözlərinə görə, Rusiya üzərinə düşəni yerinə yetirməyəcəksə, o zaman Azərbaycan bu məsələni özü həll etməlidir: “Bəzən Azərbaycan çox loyal davranır. Anlayıram, bu, çox böyük siyasətdir. Amma biz bu böyük siyasətə görə oğullarımızı qurban verməməliyik. Ermənistan bərbad durumdadır. Hələ də normal bir adam tapıb müdafiə naziri təyin edə bilmir. Həbsdən çıxan cinayətkar Papikyanı müdafiə naziri təyin etməklə özlərini gülüş hədəfinə çeviriblər. Bir sözlə, bu vəziyyət bir neçə gün ərzində davam edəcək və gərginləşəcək. Çünki onlar xüsusi tapşırıq alıblar.

Putin və Makron telefonla danışdı və Kreml rəhbəri Fransa liderini Cənubi Qafqazda nə lazımdırsa, onu da edəcəyinə inandırdı. Makrona isə seçki prosesi ilə məşğul olmağı məsləhət gördü. Putinin elədikləri isə göz qabağındadır. Ruslar özlərini ağıllı göstərməyə çalışsalar da, onlar kimi imperialist maraqlara xidmət edən ikinci bir xalq yoxdur. Bir tərəfdən Ukraynada, bir tərəfdən Belarusda, digər tərəfdən isə Cənubi Qafqazda aranı qatırlar”.

“Müharibə baş verə bilərmi” sualını Üzeyir Cəfərov belə cavablandırıb: “Bundan artıq daha nə olacaq ki?! Azərbaycan Ermənistan ərazisinə keçib müharibə aparmayacaq. Onlar öz ərazisindən bizim Kəlbəcər və Laçındakı mövqelərimizi artilleriya və minamyot atəşinə tuturlar. Bunda da əsas məqsəd Azərbaycanın əks atəş cavabı verməsinə nail olmaqdır ki, ondan sonra “Azərbaycan üstümə gəlir” deyə dünyaya bağırsınlar. Yenə təkrar edirəm, Ermənistanın nə gücü var ki, Kəlbəcər və Laçına atəş aça? Bütün bunlar Rusiyanın hiyləgər oyunlarıdır. Kreml özünü çox çirkin və murdar aparır. Azərbaycan tərəfi diqqətli olmalıdır, çünki proses get-gedə dərinləşəcək”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA