“Rusiya heç kimə heç nə borclu deyil, belə davam etsə, Azərbaycan..." - ƏTRAFLI

“Rusiya heç kimə heç nə borclu deyil, belə davam etsə, Azərbaycan..." - ƏTRAFLI


Ya ərazi bütövlüyümüzü tanıyacaq, ya da… tanıyacaqlar! İsrailli politoloq: “Ermənistan başı kəsilmiş ilan kimidir, bu baş son nəfəsində də sancmağa və hər alçaqlığı eləməyə çalışacaq…”

Ermənistanın ölkəmizə qarşı sərhədboyu genişmiqyaslı son təxribatı tam fiasko oldu. Düşmən tərəf bu yolla yenə öz hədəflərinin heç birinə çata bilmədi. Əksinə, bölgədə böyük sülhə ən böyük təhlükənin məhz onun özündən qaynaqlandığı barədə rəy dünyada möhkəmləndi.

Məsələ ondadır ki, nə İrəvanın çox ümid bəslədiyi Rusiya və onun lideri Vladimir Putindən, nə KTMT-dən, nə BMT-dən və Avropa Birliyindən, nə ATƏT və onun Minsk Qrupunun həmsədrlərindən, nə də ABŞ-dan, hətta Fransadan və İrandan həyasız qonşularımızın “ürəyincə” olan reaksiyalar, bəyanatlar gəlmədi. Yalnız təsəlliverici sözlər, sülhə və sərhədlərin qarşılıqlı şəkildə tanınmasına edilən çağırışlar. Yəni delimitasiya və demarkasiya prosesinə başlamaq zərurəti.

*****
Ermənistanı ən çox xoflandıran da elə sərhədlərin dəqiqləşməsidir. Çünki o halda nəinki bir çox ərazilər, yollar avtomatik Azərbaycana keçəcək, həmçinin sülh müqaviləsinin imzalanması ilə “Qarabağ məsələsi” həmişəlik qapanacaq. Yeri gəlmişkən, İrəvanın 1 nömrəli strateji müttəfiqi Rusiya sərhədlərin dəqiqləşdirilməsi üçün neçə vaxtdır konkret təklif və səhih xəritələr təklif edir. Lakin rəsmi Bakı bunu məqbul saysa da, İrəvan inadla əsas qarantoru Moskvaya da müqavimət və hətta “buynuz” göstərir. Belə ki, Paşinyan hökumətinin “xeyir-duası” ilə az qala dünənə kimi İrəvanda Rusiya əleyhinə aksiyalar keçirilirdi.

Amma cəmi bir gün sonra Paşinyan növbəti dəfə Putinin ayağına düşdü, Rusiyanı, KTMT-ni Azərbaycana qarşı yeni avantüralara şərik eləməyə çalışdı. Hədəf həmənkidir: bacardıqca sərhədləri qeyri-müəyyən saxlamaq, bundan istifadə edib ölkəmizi Ermənistan “ərazisinə” girməkdə suçlamaq, “təcavüzkar ölkə” kimi bizə qarşı beynəlxalq koalisiya formalaşdırmaq, ardınca sərhəd bölgələrinə beynəlxalq ayırıcı qüvvələri cəlb eləmək, özünü isə “təcavüz qurbanı”, “əzabkeş” kimi görsətmək və yenə böyük sülh prosesini əngəlləmək.



Təsadüfi deyil ki, srağagün də Nikol Paşinyan eyni bayatını oxudu. Giley-güzarla bildirdi ki, rəsmi Bakı sərhədin hər iki tərəfində qoşunları “simmetrik şəkildə geri çəkmək”lə bağlı İrəvanın təklifini qəbul eləmir. Niyə də eləməliyik? Məqsəd aydındır: Ermənistan bu yolla sərhəd bölgəsinə, əslində isə bizim qanuni ərazilərimizə beynəlxalq ayırıcı qüvvələrin yerləşməsinə nail olub Azərbaycanla sülh anlaşmasını qeyri-müəyyənliyədək uzatmaq, sadə olan vəziyyəti daha qəlizə salmaq, durumu beynəlmiləlləşdirməklə vaxt udub təzədən toparlanmaq, ordunu bərpa edib “artsax” uğrunda mübarizəni davam etdirmək.

*****

Ancaq dünya artıq ermənilərin bu hoqqalarına inanmır. Çünki onları indi daha yaxşı tanıyır. Sərhəd təxribatlarına verilən reaksiyalar buna şübhə yeri saxlamadı. Verilən bəyanat və açıqlamalar da ən əvvəl o anlama gəlir ki, beynəlxalq birlik, hətta İrəvanın əsas havadarları Azərbaycanın guya Ermənistan ərazisinə girdiyi barədə iddianı ciddi saymır. Ələlxüsus Rusiya. Çünki onun əlində sovet dövrünün daşdan keçən xəritələri var.



Bu mənada baş verənlər rəsmi İrəvanın yeni canlı və maddi itkiləri ilə yanaşı, böyük diplomatik iflası, Bakının isə diplomatik uğuru sayıla bilər. Çünki Paşinyanın “B planı” elə bu idi ki, hərbi faktor hesabına aranı qarışdırıb vaxtı uzatsın, “bulanıq suda balıq tutsun”, 10 noyabr kapitulyasiya aktının 4 və 9-cu bəndlərini yerinə yetirməkdən, o sırada Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınsın, yekun etibarilə Azərbaycana qarşı ərazi iddiasını gündəmdən çıxmağa qoymasın.

Lakin Azərbaycan tərəfi bütün dünyaya nümayiş etdirdi ki, belə cəhdlər əbəsdir. Ermənistan ya ərazi bütövlüyümüzü, sərhədlərimizi tanıyacaq, ya da… tanıyacaq! Hərçənd bu, hələ o demək deyil ki, erməni tərəfi yeni təxribatlara, avantüralara cəhd eləməyəcək. Əcnəbi analitiklər də bu yöndə nikbin deyillər və onların öz arqumentləri var.

*****

“Rusiya heç kimə heç nə borclu deyil… Belə davam etsə, Azərbaycan sakit və dinc yolla istədiyi dəhlizi təmin edəcək, eyni zamanda sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri də həll edəcək”.

Bu barədə Ermənistanın “Joxovurd” qəzetinə kifayət qədər ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi ekspert Aleksandr Xramçixin sərhəddəki vəziyyəti şərh edərkən deyib.



Aleksandr Xramçixin

Ekspert qeyd edib ki, Moskvada nə düşündüklərini söyləmək çətindir: “Lakin mən qəti şəkildə qeyd edə bilərəm ki, Rusiya hərbi münaqişəyə cəlb olunmaq istəmir. Rusiya Ermənistan üçün Ermənistanın özünün etdiyindən çox niyə etməlidir? Rusiya heç kimə heç nə borclu deyil. Heç kim kimisə müdafiə etməyəcək, çünki bu, heç kimə lazım deyil”, – deyə o əlavə edib.

*****

Öz növbəsində digər rusiyalı ekspert Aleksandr Perenciyev deyib ki, İrəvan əvvəlcə öz sərhədini müəyyən eləməli, sonra kömək üçün Rusiyaya müraciət eləməlidir.

“Ermənistanı istənilən hücumdan qorumaq üçün kollektiv təhlükəsizlik müqaviləsi əsasında Gümrüdə Rusiya hərbi bazası yerləşir. Bundan ötrü Ermənistanın müasir sərhədləri dəqiq müəyyən edilməlidir. Bu, ona görə vacibdir ki, Rusiya bu ölkəyə yardım edən zaman hər hansı münaqişəyə qarışmasın”, – deyə o vurğulayıb.

“Mən dəfələrlə demişəm ki, Ermənistan revanşizmlə yaşayan ölkədir. O, sakitləşməyəcək, sülh müqaviləsini imzalamayacaq, o, yalnız qan, münaqişənin davam etdirilməsi və dərinləşməsini istəyəcək. Bundan əlavə, o, Rusiya sülhməramlılarını da bu işə cəlb etməyə və Qarabağın itirilmiş torpaqlarını, heç olmasa, qismən də olsa, geri qaytarmağa çalışacaq”.



Aleksandr Perenciyev

Bu sözləri isə israilli ekspert, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Ermənistanın son təxribatlarını şərh edərkən deyib (Axar.az).

O, Ermənistanı başsız ilanla müqayisə edib: “Bu ölkə başı kəsilmiş ilan kimidir və bu baş son nəfəsində belə öldürmək niyyətində olacaq. Azərbaycan tərəfi bu ilandan ehtiyatlı olmalıdır. Bir tərəfdən başı kəsildi, digər tərəfdən isə bu baş sancmağa və hər alçaqlıq etməyə qadirdir”.

Politoloqun sözlərinə görə, Ermənistan bir il əvvəl imzaladığı üçtərəfli bəyanata əməl etməyib, Azərbaycanın həm hərbi, həm də mülki obyektlərinə atəş açmaqla özünü terrorçu təşkilat kimi aparır: “Bizə, israillilərə bu mənzərə çox tanışdır. Bu barədə köhnə deyimimiz var: ”Terrorçularla heç bir müqavilə imzalamaq mümkün deyil, çünki onlar ona riayət etməyəcəklər”. Mən düşmənlə apardığı ədalətli müharibədə Azərbaycan xalqına sülh və uğurlar arzu edirəm”.

*****

Azərbaycan xalqı, onun müzəffər ordusu əlbəttə ki, kəsdiyi ilan başını əzməyə də qadirdir. Düşmən bir az gec, bir az tez, enində-sonunda, döyülə-döyülə sülhə vadar ediləcək…
/musavat.com/

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA