"Bu addım Putinin axırına çıxacaq" - Rəsul Quliyev

"Bu addım Putinin axırına çıxacaq" - Rəsul Quliyev

“Qazaxıstanda baş verənlər son 30 ildə 3 yeni müstəqil ölkədə baş verənlərə oxşayır. Gürcüstan, Moldova və Ukraynada eyni proseslər gedib, ancaq müxtəlif versiyalarda. Ukrayna, Gürcüstan və Moldovada ilk nümayişlər siyasi xarakterlə başlayıb və hər 3-ü Rusiya ilə əlaqələrin kəsilməsi və ya düşmənçilik səviyyəsində olması ilə nəticələnib”.

TTVXEBER.COM konkret.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq spiker Rəsul Quliyev deyib. O bildirib ki, Qazaxıstanda nümayişlər əhaliyə satılan qazın qiymətinin 2 dəfə artırılmasına qarşı başlayıb, bir gündən sonra siyasi tələb müstəvisinə keçib.

“Qazaxıstanda qazın qiymətinin qaldırılmasını anlamaq mümkün deyildir. Çünki Qazaxıstan dünya iqtisadiyyatına bağlı ölkə deyildir. Daxildə istehsal etdiyi məhsulların qiymətinin bu məhsulların dünya bazarında olan qiymətlərindən heç bir asılılığı yoxdur. Qazaxıstan qazın qiymətinin dünya bazarında 5 dəfə artmasına baxmayaraq, istəsə, qazın qiymətini öz xalqı üçün artırmaya, hətta azalda bilər. Qazaxıstan qaz eksport edir. Daxildə əhaliyə satılan qazın qiymətini qaldırırsa, büdcəsində debalans var” – deyə sabiq spiker əlavə edib.

Rəsul Quliyevin sözlərinə görə, ölkə əhalisini təmin etmək üçün (özü kifayət qədər istehsal etmədiyi üçün) xaricdən müəyyən tipli məhsullar alırsa, bu məhsulların dünya bazarında qiymətlərinin dəyişməsi ölkənin daxili bazarında qiymətlərin dəyişməsinə gətirib çıxarda bilər.

“İlk növbədə ölkə xaricdən aldığı çox ciddi məhsulların (məsələn taxıl, ət, yağ və sair) ölkəyə gətirilməsində monopoliyanı qətiyyətlə ləğv etməlidir. Fərasətli adamlar gedib bir başa istehsalçılardan o məhsulları ucuz qiymətə tapıb gətirəcəklər, daxildə qiymətlərin yuxarı qalxmasının qarşısını alacaqlar. Qazaxıstan qazın qiymətini qaldırmaqla çox böyük səhv edibdir. İndi istənilən geri addım Qazaxıstanın süqutu ilə nəticələnəcək” – deyə Rəsul Quliyev bildirib.

O bildirib ki, Nazarbayev istefa veribsə, etiraz mitinqlərinin masştabı çox böyükdür. Prezidentin gördüyü tədbirlər onun ziyanınadır.

“Birinci səhv o rus dilində xalqa müraciət etdi. Qazaxıstanın əhalisinin azı 60 faizi, ümumiyyətlə, rus dilini bilmir. İkincisi, qazaxların içərisində Oljas Süleymenovdan başlayaraq ziyalıların arasında kifayət qədər millətçi var, onları da özünə qarşı qaldırdı. Bu adam çıxışdan öncə 2014-cü ildə Ukraynada baş verənləri dərindən öyrənməli idi. Onun çıxışı Yanukoviçin çıxışı ilə demək olar ki, eyni idi. O çıxışdan iki gün sonra Yanukoviç ölkədən qaçdı. O da “Mən burdayam və heç yerə gedən deyiləm” deyirdi. Qazaxıstanda xaosdan Rusiya istifadə edə bilər. “Rusları qırırlar, biz buna imkan verə bilmərik” lozunqu ilə qoşununu Qazaxıstana yeridə bilər. Onu bu hərəkətdən Çin saxlaya bilər. Bir sözlə, Qazaxıstanda bütün problemlərin dinc yolla qazax xalqının xeyrinə həll olunması (heç kimin müdaxiləsi olmadan) bizim xeyrimizə oıar. Qazaxıstanın türk dünyasına bağlılığını artırar”.

“Mən bu yazını qurtarıb nöqtəsini qoyandan sonra informasiyalara baxdım və Qazaxıstan prezidentinin artıq onların birləşdiyi təşkilata, daha doğrusu, Rusiyaya kömək üçün müraciət etdiyinə rast gəldim. Bu addım birbaşa vətəndaş müharibəsinə, rusların zorla Qazaxıstandan qovulmasına aparan addımdır. Aydındır ki, bu müraciət əvvəldən Putinlə razılaşdırılmış addımdır. Ruslar Qazaxıstanın Astana (Nur-Sultan) zonasından Qazaxıstana qoşun yeridəcək Qazaxıstanın böyük bir hissəsi, o cümlədən paytaxtı Rusiyanın nəzarətinə keçəcək. Qazaxıstanın prezidenti bu müraciətdən sonra hökumətdə qala bilməz. Ölkədə Nazarbayev periodundan qalma nə varsa, darmadağın ediləcək. Prezidenti ələ keçirə bilsələr, asacaqlar. Çox ağıldan kəm hərəkət edib. Öz camaatı ilə dil tapmaq əvəzinə xarici qoşunları öz xalqını qırmağa dəvət edir. Ümid edək belə bir addımın atılması Putinin də axırına çıxacağını o anlayır”, – deyə Rəsul Quliyev vurğulayıb.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA