Həbsdən çıxan qadını küçədə qalmasın deyə evlərinə gətirdilər, başlarına oyun açdı - TƏFƏRRÜAT

Həbsdən çıxan qadını küçədə qalmasın deyə evlərinə gətirdilər, başlarına oyun açdı - TƏFƏRRÜAT


1966-cı il təvəllüdlü Sultanxanım 2017-ci ildə dələduzluq əməlinə görə həbs edilib. 2018-ci ildə cəzasının qalan hissəsi şərti hesab edilərək vaxtından əvvəl azadlığa buraxılıb. Amma həbsxana həyatı onu islah etməyib. Bu dəfə isə oğurluq əməli törədib.

Bu əməlini isə evsiz olduğu halda ona evinin qapısını açan şəxslərə qarşı törədib…

TTVXEBER.COM xəbər verir ki, Sultanxanım evində yaşadığı şəxslərə məxəsus 6700 manat dəyərində qızılları bir il ərzində hissə-hissə oğurlayıb. Həmin qızılları ayrı-ayrı yerlərdə sataraq əldə edilən məbləği özünə və sosial şəbəkədə tanış olduğu sevgilisinə xərcləyib.

İfadəsində bildirib ki, həbsdən çıxandan sonra tanışları Zemfira və İlqarın evində bir gecə qalıb. Həmin gün söhbət zamanı gedəcək yerinin olmadığını deyib.

“Onlarla qala biləcəyimi dedilər. Zemfira da xəstə olduğu üçün ona kömək edirdim. Sonra Zemfiranın ayağı amputasiya olundu. Orada qaldığım müddətdə bilirdim ki, qızıllar dəm çayniklərinin içindədir. Bir-bir götürərək satmışam”- deyə Sultanxanım bildirib.

Məlum olub ki, o sosial şəbəkədə Həmid adlı şəxslə tanış olub və aralarında bir neçə aylıq sevgi münasibəti yaranıb. Oğurladığı qızılları satan zaman əldə etdiyi pullun bir hissəsini də Həmidə xərcləyib. Həmidə geyim, övladlarına isə velosiped alıb.

Sultanxanım bu əməllərinə görə peşman olduğunu, amma maddi imkanı olmadığı üçün zərəri qaytara bilmədiyini deyib.

Zərərçəkmiş kimi tanınan İlqar bildirib ki, həyat yoldaşı əməliyyat olunan zaman xəstəxanada olublar: “Sultanxanım evdə tək idi. Biz qayıdanda qızıllar yox idi. Yoldaşım xəstə olduğu üçün heç yerə getmirdi. Qızıllardan istifadə olunmurdu deyə heç diqqətimizi çəkmirdi. Qızıllar olmadığı üçün Sultanxanımdan şübhələndik. Ona dedik ki, qızılları götürübsə, gətirib yerinə qoysun, amma gətirmədi. Biz də ondan şikayətçi olduq. Bu günə qədər də zərəri ödəməyib”.

Məhkəmə tərəfləri dinlədikdən sonra hökmü elan edib. Hökmə əsasən polis nəzarətində olan Sultanxanım məhkəmə zalında həbs edilib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
(müsavat.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA