Kremlin Türküstan oyunu: Qazaxıstan senarisi Qırğızıstan və Tacikistanda təkrarlanır – Yeni Hədəf kimdir?

Kremlin Türküstan oyunu: Qazaxıstan senarisi Qırğızıstan və Tacikistanda təkrarlanır – Yeni Hədəf kimdir?


Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib. Qarşıdurmalar zamanı hər iki tərəfdən ümumilikdə 17 nəfər yaralanıb.

Bəs günahkar kimidir Tacikistan, yoxsa Qırğızıstan ?



TTVXEBER.COM xəbər verir ki, bu barədə konkret.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, rəsmi məlumatlardan və tərəflərarası itkilərdən məlum olur ki, gərginliyi başladan əsas tərəf Tacikistandır: “Misal üçün tərəflər arasında qarşıdurmalar zamanı ümumilikdə 17 nəfər yaralanıb. Onlardan 11-i Tacikistan, 6-sı isə Qırğızıstan vətəndaşıdır. Aydın məsələdir ki, hücum edən, yada gərginliyi başladan tərəfin itkiləri daha çox olur. Digər bir məsələ də Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçilərinin məhəl qoymamasıdır. Göründüyü kimi, Tacikistan tərəfi məqsədli surətdə və öncədən hazırlanmış plan əsasında sərhəddə gərginliyi artırır”.

Təlimat Kremldən gəlib



Politoloqun sözlərinə görə, Qırğızıstan-Tacikistan sərhədində baş verən hazırkı toqquşmaların pərdəarxasında Qazaxıstanda olduğu kimi yenə də Rusiya dayanır: “Qırğızıstan-Tacikistan sərhədində baş verən hazırkı toqquşmaları Kremlin Türküstan tamaşasının ikinci pərdəsi olaraq da adlandırmaq mümkündür. Məsələ ondan ibarətdir ki, Qazaxıstandakı hadisələr ilə Qırğızstan-Tacikistan sərhədində baş verənlər arasında məntiqi əlaqə mövcuddur. Belə ki, Kreml Türküstan tamaşasına ilk Qazaxıstanda başladı. Qazaxıstanda təbii yanacağın qiymətinin iki dəfə artması sonrası baş verən etirazlar nəticəsində əvvəl Prezident Qasım Jomart Tokayev hökuməti istefaya göndərdi, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdi, sonda isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istənildi. KTMT-nin Qazaxıstana gəlməsi və Nazarbayevin tərəfdarlarının bir-bir vəzifədən uzaqlaşdırılması ilə Kreml Qazaxıstanda istəyinə nail oldu.



Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmalarla isə Kreml Türküstan tamaşasının ikinci pərdəsinin başladığını elan etdi. Belə ki, baş verən toqquşmaların Kremlin ssenarisi əsasında həyata keçirildiyini sübut edən digər bir məsələ də Qırğızıstan Sərhəd Xidmətinin yaydığı məlumatdır. Verilən məlumatda qeyd olunur ki, Tacikistan hərbçilərinin sərhəddəki məlum hərəkətləri razılaşdırılıb, bu da onların təxribata qabaqcadan hazır olduğunu təsdiqləyir. “Tacikistan sərhədçilərinin öz arsenalına aid olmayan minaatanlardan atəş açması, silahlı qüvvələrin vasitələrindən istifadə etməsi ölkələr arasında beynəlxalq və ikitərəfli müqavilələrin kobud şəkildə pozulması deməkdir” məlumatda bildirilir. Məlumatdan da görünür ki, Tacikistan tərəfi bu hücuma öncədən özü də planlı şəkildə hazırlaşıb. Təlimat isə Kremldən gəlib”.



Kremlin hədəfi Fərqanə vadisinə nəzarət etməkdir

Turan Rzayev əlavə edib ki, Tacikistanla Qırğızıstan arasında sərhəd problemi əvvəldən olub: “Lakin Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan bəri komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında vaxtaşırı münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur. Bunu rəsmi Moskva da yaxşı bilir və bundan mahir şəkildə istifadə edir. Kremlin planını qısaca belə xarakterizə etmək olar: Birincisi, Kreml öncədən silahlandırdığı Tacikistan qoşunlarını Qırğızıstana hücuma təhrik edir. Beləcə əvvəldən mövcud olan tacik-qırğız sərhəd münaqişəsi yenidən alovlanır. İkincisi, tərəflər arasında gərginlik bir müddət davam edir. Qarşılıqlı itkilər fonunda rəsmi Moskva KTMT kartını oynayır və tərəfləri atəşkəsə riayət etməyə çağırır. Bu faktiki olaraq KTMT-nin, əslində isə Kremlin tərəflər arasında gərginliyin getdiyi əsas regiona, yəni fərqanə vadisinə gəlişinin anonsdur. Üçüncüsü, Qazaxıstanı tərk edən KTMT qüvvələri Fərqanə vadisinə gəlir, beləcə Kremlin Türküstan tamaşasının ikinci pərdəsi başa çatır”.

“Kreml istəyi açıq və netdir. Mövcud gərginliyin bitməsi üçün KTMT qoşunları fərqanə vadisinə gəlməli, burada proseslərə nəzarət etməlidir. Fərqanə vadisinin önəmi hərkəsə məlumdur. Xüsusilə bu bölgə Özbəkistana yaxınlığı ilə seçilir. Kreml Fərqanə vadisinə nəzarət edərək Türküstan ssenarisinin 3-cü pərdəsi olan Özbəkistanı qarışdırmaq istəyir. Rəsmi Moskva buna nail olsa, arxa baxçasında tam nəzarəti ələ alacaq və bütün gücünü Ukrayna cəbhəsinə yönəldə biləcək” – deyə politoloq fikirlərini tamamlayıb. 

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA