Rusların Qarabağda “son zəng”i nə vaxt çalınacaq?

Rusların Qarabağda “son zəng”i nə vaxt çalınacaq?


Bu sabah “İzvestiya” qəzetində yayımlanan “ Rusiya sülhməralıları Qarabağda “Sülh dərsi” keçiblər” başlığı altında yazı diqqətimi çəkdi və xəbərlə tanış olandan sonra yadıma SSRİ dövründə sovet təbliğat sisteminin tərkib hissəsi kimi küçələrə vurulan şüarlar düşdü. Tbilisi prospekti ilə şəhərə gələndə yol ayrıcında, indi “Hyat Recensi” otelinin ərazisinə aid olan bir binanın başında iri qırmızı hərflərlə rus dilində yazılmış “SSRİ sülhün dayağıdır” şüarı adamın gözünü deşirdi. O dövrdə alternativ xəbər mənbələrinin demək olar ki, yoxluğu cəmiyyətdə belə təsəvvür yaradırdı ki, Amerika və ətrafı yalnız müharibəyə can atır, Kreml isə sülh göyərçini olub dünyada sülhün dayağı rolunu yerinə yetirir. Macarıstandan başlayıb 20 yanvar Bakı qırğınına qədər də Cənubi Amerika, Afrika, Asiya ölkələrində törətdiyi faktiki müharibələrlə, münaqişələrlə SSRİ-nin necə “sülhə xidmət” etdiyinin şahidi olmuşuq.

Heç nə dəyişməyib. Zaman dəyişsə də Rusiyanın imperiya ambisiyaları dəyişməz olaraq qalıb. Dəyişən yalnız coğrafiyanın məhdudlaşmasıdır. İndi Rusiya Nikaraquada, Vyetnamda, Əfqanıstanda yox, postsovet respublikalarında - Moldovada, Ukraynada, Gürcüstanda, Qarabağda “sülh dərsi” keçir və on illərdir ki, bu dərslərin nə tənəffüsü var, nə son zəngi. “Dağlıq Qarabağ Respublikasının paytaxtı Stepanakert” yazmağın, erməni qaçqınları geri qaytarıb, azərbaycanlı məcburi köçkünləri yaxına burxmamağın, “İsa bulağı” həndəvərinə yaxınlaşmağa qadağa qoymağın, iki millətin nümayəndələri arasında indiyədək heç bir görüş təşkil etməməyin, sülhə xidmət etmədiyini bilirlərmi, bu “sülh dərsinin müəllimləri”? Qarşılarındakı şagird və tələbələrinə bu yerlərin Azərbaycan dövlətinə məxsus olduqlarını və yaxın gələcəkdə bu dövlətin vətəndaşı kimi birgəyaşayışa hazır olmaqlarının da dərsi keçirilirmi? Axı, gələcək naminə, bu ən vacib dərs və imtahandır. Siz dərsinizi bu istiqamətdə keçsəniz, sülh daha tez yaranar. Kim imtahandan kəsilirsə.., qapı hələ ki, Laçın dəhlizində açıqdır.

Elə buna görə də Rusiyanın sülh dərsindən “5” alan Araik Arutunyan, 28 yanvarda-erməni ordusu günü, dəstəsini başına yığıb deyir ki, “ 44 günlük müharibədə məğlubiyyətimiz hələ son deyil. Qarşıda bizim qələbələrimiz olacaq”. Araik təbii ki, bizim üzərimizdə qələbə qazanmağı düşünür. İtib-batmış, böhran içərisində çabalayan Ermənistanmı kömək edəcək Araikə, yoxsa bir-birini didən diaspora? Bəlkə Qarabağda qalan erməni silahlı tör-töküntüləri qələbə bəxş edəcək Araikə? Yox, Araik və cəmi erməni dünyası “sülh dərsi”ni keçən Rusiya Federasiyasına arxalanır, çünki hər dərsdə separatçı rejimin möhkəmlənməsinə yönəlik məşğələlər keçirilir, ev tapşırıqları verilir. Dünən Ağdərənin Koçoqot kəndində keçirilən bu sülh dərsi şagirdlərinin 5-6 -cı sinif uşaqları və onların valideynlərinin olması onu təsdiqləyir ki, hədəf yetişməkdə olan və sepatçı ruhda tərbiyələnən gənc nəsildir.

Araik bir əlaçı şagird kimi daha da irəli gedərək müəllimlərinə söz verir ki, “ordunu möhkəmlətmək qələbəmizin vacib şərtidir”. Kim möhkəmlədəcək Araikin ordusunu? Yarıac, yarıtox vartazarlar, haykanuşlar? Əlbəttə, Araik müəllimlərinə güvənir, “sülh dərsi” adı altında mübarizənin davam etməsini təbliğ edənlərə.

Adətən müəllimlərə yox, şagirdlərə qiymət verilir. Amma, indiki situasiyada birbaşa missiyalarını yerinə yetirmək əvəzinə, “sülh dərs”ləri ilə onsuz da zəhərlənmiş beyinə mənsub olanların başlarını yenidən zəhərləyən müəllimlər bu dərsdən “2” qiymət alırlar.

Bu dərsin son zəngi çalınanda SÜLH olacaq!
İlham İsmayıl
Moderator.az

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA