Türkiyə ilə Ermənistanı yaxınlaşdıra biləcək şərtlər - ŞƏRH

Türkiyə ilə Ermənistanı yaxınlaşdıra biləcək şərtlər - ŞƏRH


13 il sonra Türkiyə – Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələrin Moskvada görüşü müsbət hal olsa da, bu, sərhədlərin açılması və iki ölkə arasında diplomatik əlaqələrin inkişafı üçün kifayət etmir.

Prezident Ərdoğan oktyabr ayında işğaldan azad edilən Füzuliyə səfəri zamanı bildirmişdi ki, Ermənistan Azərbaycanla münasibətlərdə səmimi iradə nümayiş etdirərsə, normallaşmaya heç bir maneə olmayacaq. Ermənistan bəzi məsələlərin həllində, xüsusilə Zəngəzur dəhlizi, sərhədlərin dəqiqləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması və regional normallaşmanı təmin edəcək məsələlərdə müsbət addımlar atmır.

Prezident İlham Əliyev isə “Anadolu” agentliyinə müsahibəsində Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının əleyhinə olmadığını bildirib və əlavə edib: “Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Ermənistan bundan imtina etməlidir. Onlar öz konstitusiyalarını yenidən yazmalı, Azərbaycana qarşı iddialarından əl çəkməlidirlər”.

Bəs İlham Əliyevin qeyd etdiyi kimi, rəsmi İrəvan iki ölkə arasında münasibətlərin normallaşması üçün zəruri olan bu addımları atacaqmı?

TTVXEBER.COM mövzu ilə bağlı Kaspi qəzetinin araşdırmasını təqdim edir:

Koordinasiyalı siyasətin uğuru

Düzdür, iki ölkə arasında normallaşma prosesinin uğurlu olmaq şansı əvvəlkilərdən daha yüksəkdir. Və bunun səbəbi təkcə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi deyil, həm də Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan yaxşı yaşaya bilməyəcəyini anlamasıdır. Əslində, bu, Türkiyə ilə Azərbaycanın koordinasiyalı siyasətinin uğurlu olduğunun göstəricisidir. Ermənistanla diplomatik münasibətlərin qurulması Türkiyənin regionda effektivliyini artıracaq və onu daha da gücləndirəcək. Ermənistan isə xarici və daxili siyasəti ilə diasporun təsirinin artmasına, Türkiyə və Azərbaycana qarşı düşmən olan ziyalıların, idarəçilərin və elitaların təsirinə imkan verməməlidir. Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı maddə Ermənistan konstitusiyasından çıxarılmalı və ya beynəlxalq aləmdə Türkiyəyə qarşı qondarma soyqırımın haqsız olaraq tanınması siyasətindən imtina edilməlidir. Lakin bu prosesdə daha bir mühüm məsələ var ki, o da tərəflər arasında danışıqların normal gedişindən narahat olanların Azərbaycanla Ermənistan arasında təxribat törədə bilməsidir. Son zamanlar Ermənistan daxilində və xaricdə belə təşəbbüslər edilir.

Tələt Paşanı aşağılayan heykəl götürüləcək?

Qondarma erməni soyqırımı ilə bağlı yaradılan Tələt Paşa Komitəsinin mövqeyi maraq doğurub. Komitə münasibətləri normallaşdırmağa başlayan Ankara və İrəvana mühüm xəbərdarlıqla çıxış edib. 4 bəndlik təkliflə çıxış edən komitə sədri Həsən Qorxmazcan, ilk növbədə Ermənistanın qondarma soyqırımı yalanından əl çəkməli olduğunu, Şirak şəhərində Tələt Paşaya hörmətsizlik olan heykəlin tez bir zamanda götürülməsini tələb edib. Korkmazcan Türkiyə ilə Ermənistan arasında münasibətlərin sağlam şəkildə inkişaf etməsi üçün qarşıdakı dövrdə atılacaq addımları 4 maddə ilə yekunlaşdırıb:

1. Ermənistan 2020-ci il noyabrın 10-da Rusiya və Azərbaycanla imzalanmış üçtərəfli atəşkəs sazişindəki öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməlidir.

2. Ermənistan və Türkiyə qarşılıqlı suverenlik və ərazi bütövlüyünü tanımalı və sülh şəraitində yaşayacaqlarını bəyan etməlidir.

3. Ermənistan AİHM-in Perinçek-İsveçrə Qərarında müəyyən edilmiş “soyqırım yalanından” imtina etməlidir.

4. İki ölkə arasında qarşılıqlı düşmənçiliyə yol verilməməlidir. Bu kontekstdə Ermənistanın Şirak vilayətində Tələt Paşanın timsalında bütün türk millətini aşağılayan heykəl dərhal götürülməlidir. Bu addımların Ermənistan tərəfindən atılmasının təmin edilməsi Türkiyə-Ermənistan münasibətlərini normallaşdıracaq və qarşılıq verəcək. Unudulmamalıdır ki, Ermənistanın Qərb siyasətindən istifadə etməsi ən çox Ermənistana ziyan vurub. ABŞ və Fransa kimi imperialist qüvvələrin oyundan kənarda qaldığı bu dövrdə, region ölkələrini bir araya gətirəcək formulların həyata keçirilməsi bölgədə sülh və sabitliyi təmin edəcək.

Qarsda sökülən abidə bərpa ediləcək?

Türkiyənin “Habertürk” qəzetinin köşə yazarı Ayşe Özek Karasu ikitərəfli münasibətlərlə bağlı birmənalı qarşılanmayacaq məsələ qaldırıb. “Məni maraqlandıran odur ki, münasibətlər normallaşarsa, Qarsda sökülən abidə bərpa ediləcək? Yerinə qaytarılacaq demirəm, çünki o hissə problemlidir. Mehmet Aksoya məxsus əsər estetik zövqə uyğun gəlmədiyi üçün sökülmüşdü. Üzü Ermənistana çevrilmiş bir insanın əzabını əks etdirən heykəl 2011-ci ildə götürülüb”, – deyə müəllif yazır.

Qeyd edək ki, Ermənistanla barışıq ümidini simvolizə edən abidə o vaxt Qarsın bələdiyyə sədri Naif Əlibəyoğlunun təşəbbüsü ilə qoyulmuş və Qars Mədəni İrsin Qorunması Regional Şurası tərəfindən təsdiq edilmişdi. İndi bu abidə ilə bağlı məsələnin təkrar gündəmə gətirilməsi anlaşılan deyil.

Beləliklə, yekun olaraq qeyd edə bilərik ki, proses qarşısıalınmaz mərhələyə daxil olub və ciddi problem qalmayıb. Ermənistan, deyəsən, anlamağa başlayıb ki, regionun və elə özünün rifahlı gələcəyi millətçilik, ərazi iddiasından yox, sülh və əmin-amanlıqdan keçir.
(konkret.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA