Üz QARASI - Saxta polkovnik türkiyəli rəsmiləri necə aldadıb? - Bələdiyyə başqanından AÇIQLAMA

Üz QARASI - Saxta polkovnik türkiyəli rəsmiləri necə aldadıb? - Bələdiyyə başqanından AÇIQLAMA


Xəbər verildiyi kimi bir neçə həftə əvvəl dələduz, barəsində müxtəlif dələduzluq əməllərinə görə axtarış elan edilmiş Rasim Əhmədli adlı Azərbaycan vətəndaşı özünü “FHN polkovniki” kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin başqanı Mehmet Oktayla görüşüb. Ona hətta FHN rəhbəri Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim edib. O, görüş zamanı özünü ötən ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində iştirak edən FHN yanğınsöndürənlərinin komandiri kimi tanıdıb. Lakin bu xəbər Türkiyə KİV-lərində yayılandan sonra FHN açıqlama yayaraq bildirmişdi ki, həmin şəxsin nazirliyə aidiyyatı yoxdur, o sadəcə olaraq dələduzdur və FHN-nin adından istifadə edib.



Mehmet Oktay azərbaycanlı dələduzla

Məlum olub ki, Rasim Əhmədli əslində Azərbaycanda hüquq-mühafizə orqanlarından yayınır və Türkiyədə kababxanalardan birində işləyir. Bu əhvalata Türkiyə mediası ötən gün yenidən qayıdıb, Rasim Əhmədlinin Marmaris Bələdiyyəsinin CHP-dən olan başqanını necə aldatdığını yazıb. Baş verənləri “Yeni Şafak” qəzeti “komediya filmlərini xatırladan hadisə” adlandırıb.

TTVXEBER.COM xəbər verir ki, bələdiyyə başqanı Mehmet Oktay isə bu görüşün necə baş tutduğunu Odatv.com-a danışıb.

“Köməkçilərimlə əlaqə saxlayıb. Dostlarımız da araşdırıb, Bursa Böyükşehər Bələdiyyə başqanının onunla birlikdə çəkilmiş foto və videolarını paylaşdığını görüblər. Hətta Bursa Yanğınsöndürmə İdarəsinin rəisinin də açıqlamaları olub. “Azərbaycanlı polkovnik” fotosunu görəndə bu səbəbdən görüş veriblər. Mənim yanıma gələndə kiçik hədiyyə, plaket verdi. Bu xəbərlər çıxanda Azərbaycan səfirliyi ilə əlaqə saxladıq, vəziyyəti izah etdik və şikayətimizi bildirdik. Amma o adamın bizdən hansısa mənfəəti olmadı”, – o bildirib.



Bu, həmin dələduzdur…

Mehmet Oktay deyib ki, bələdiyyə başqanının digər qonaqları kimi həmin saxta “polkovnik”ə də kiçik hədiyyələr verdik:

“Plaket isə vermədik”.

Məlum olub ki, Rasim Əhmədlinin daha əvvəl Bursa bələdiyyəsinin başqanı ilə görüşünə dair bu vilayətin yerli mediasında xəbərlə çıxıb. Həmin xəbərdə deyilirdi: “Türkiyəyə gələn Azərbaycan yanğınsöndürənlərinin komandiri, polkovnik Rasim Əhməd Böyükşəhər Bələdiyyə Başqanı Alinur Aktaşı ziyarət etdi. Yanğınsöndürmə İdarəsinin şöbə müdiri Abdülkadir Albayrakın da yer aldığı ziyarət səmimi ortamda keçdi, Qarabağ savaşı və Türkiyədə yanğınların söndürülməsi barədə danışıldı”.



Dələduz Bursa bələdiyyəsində

Bursa bələdiyyəsinin AKP-dən olan başqanı Alinur Aktaş həmin görüşdə Rasim Əhmədliyə ipək parça üzərində çəkilmiş rəsm əsəri hədiyyə edib.

Qeyd edək ki, həmin şəxs Azərbaycanda da özünü “1-ci Qarabağ müharibəsinin qazisi” kimi təqdim edib, çoxsaylı adamları aldadıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev onun barəsində belə deyib: “Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib. Saxta polkovnik Rasim Əhmədli əvvəllər də Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunub. Ötən ilin noyabrında dələduzluq əməlinə görə beynəlxalq axtarışa verilib. Saxlanılması üçün müvafiq tədbirlər görülür”.
(virtualaz)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA