Kəşfiyyat Ukraynaya hücumun 9 istiqamətini müəyyənləşdirdi - Rusiya HAZIRLIQLARI TAMAMLAYIR

Kəşfiyyat Ukraynaya hücumun 9 istiqamətini müəyyənləşdirdi - Rusiya HAZIRLIQLARI TAMAMLAYIR


ABŞ kəşfiyyatı və hərbçiləri Rusiya ordusunun Ukraynaya 9 mümkün hücum istiqamətini müəyyənləşdirib. Kəşfiyyatın və Pentaqonun son dəyərləndirmələrinə görə, eyni vaxtda bir neçə istiqamətdən hücum planlaşdırılır, üstəlik Rusiya tankları cəmi 48 saata Kiyevə çata bilər.

TTVXEBER.COM konkret.az-a istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının və Pentaqonun bu analizini NBCnews yayıb.

Senarilərdən birinə görə, Rusiya ordusu Dnepr çayından şərqdəki Ukrayna ərazilərinin böyük hissəsini işğal edəcək. Bu ərazilərdə Ukrayna ordusunun 50 faizə yaxını, o cümlədən ən döyüş qabiliyyətli hissələri yerləşdirilib. Habelə Rusiya tankları və mexanikləşdirilmiş hissələri sərhədi keçərək Poltava və Xarkov istiqamətində irəliləyəcək, şəhərləri mühasirəyə alacaq. Quru qoşunları isə Donbassdan üç istiqamətdə irəliləyəcək, şərqə və cənuba istiqamətlənəcək, o cümlədən Krıma doğru irəliləyib Azov dənizi boyu sahil xəttini tutacaq. Eyni zamanda Rusiya döyüş vertolyotları Krımdan hava desantının daşınmasına dəstək verəcək.

Bu varianta Qara dənizin sahilini tutmaq üçün dəniz desantının çıxarılması da daxildir. Habelə Rusiya ordusu Odessadan hava və quru qoşun hissələrini Qara dənizdən quru dəhlizi açmaq üçün Moldovaya, Dnestryanı bölgəyə “atmağı” planlaşdırır. Bildirilir ki, Rusiya artıq Ukrayna sahillərində sualtı qayıqlar və göyərtəsində dəniz piyadalarının olduğu beş desant gəmisi yerləşdirib.

Daha aqressiv variantda isə bütün bu variantlara əlavə olaraq Kiyevi mühasirəyə almaq üçün şimaldan hücum, o cümlədən şiddətli artilleriya zərbələri, radioelektron mübarizə sistemlərinin tətbiqi və quru qoşunlarının Belarusdan Jitomir və Kiyev istiqamətində irəliləməsi daxildir. Senari Rusiyadan daha bir hücum istiqamətini nəzərdə tutur ki, bu istiqamət üzrə qoşunlar Çernobıl ətrafından keçərək Kiyevə doğru irəliləməlidir.

Hesablamalara əsasən Rusiya tankları və digər hərbi texnikası Kiyevin hüdudlarına döyüş əməliyyatlarının ilk iki günü ərzində çata bilər. Rusiya ordusu artıq Belarusda iki S-400 “Triumf” zenit-raket kompleksləri diviziyonu yerləşdirib, bu sistemlər imkan verəcək ki, Ukrayna ərazisinin böyük hissəsi üzərində hava üstünlüyü təmin olunsun.



Hər iki hücum ssenarisi kütləvi artilleriya zərbələri, orta mənzilli ballistik raketlərin və bombardmançıların zərbələri ilə başlamalıdır. Artilleriya hazırlığı və hava zərbələri gecə saatlarında başlayacaq, ilk hədəflər silah anbarları, aerodromlar, Hava Hücumundan Müdafiə sistemləri, habelə digər mühüm obyektlər olacaq. ABŞ kəşfiyyatçılarının qiymətləndirməsinə görə, Rusiya Ukraynanı müdafiə olunmaq imkanlarından məhrum etmək istəyir. Ukrayna ordusunun ölkənin müxtəlif hissələrində dislokasiya olunmuş hissələri arasında rabitəni pozmaq üçün kiberhücumlar, habelə radioelektron mübarizə sistemləri ilə hücumlar da planlaşdırılır. Habelə Rusiya ordusu Ukrayna qoşunlarının hissələri arasında əlaqəni fiziki olaraq da kəsməyi nəzərdə tutur, bunun üçün körpülər dağıdılacaq, mühəndis-istehkam qoşunları çaylar üzərindən keçidləri ələ keçirəcək.

“InformNapalm” Telegram-kanalı isə belə məlumat əldə edib ki, Rusiya Ukraynaya hücum bəhanəsi kimi bir sıra iri infrastruktur obyektlərində, o cümlədən Krım körpüsündə partlayışlar törətməyə, daha sonra bu partlayışlara görə Kiyevi ittiham etməyə hazırlaşır. Bu haqda Krımdakı mənbələr bildiriblər.

Məlumata görə, Rusiya diversantları Kerç körfəzinin hazırda təlimlər adı altında nəqliyyat keçidi üçün bağlanmış hissəsində sualtı-texniki işlər aparırlar. Bu işlər olduqca məxfi şəraitdə aparılır, radioəlaqə vasitələrindən istifadə qadağandır.

Bundan əlavə qeyd olunur ki, fevralın əvvəllərində Sevastopolun mərkəzindəki 561-ci qəza-xilasetmə mərkəzində naməlum konstruksiyalı pilotsuz üzən vasitənin sınaqları keçirilib. Bu mərkəz həm dalğıc-xilasedicilərin, həm Rusiya xüsusi təyinatlı qüvvələri üçün hərbçilərin hazırlanması ilə məşğuldur. Söhbət gəmiləri və sahilboyu infrastruktur obyektlərini məhv etmək üçün hazırlıq keçən döyüşçülərdən gedir. Ekspertlər diqqəti buna yönəldirlər ki, həmin diversiya əməliyyatları üçün hazırlıq işləri Rusiya informasiya məkanında “Ukraynadan qaynaqlanan terror təhdidləri” barədə son günlər qızışan kampaniya fonunda həyata keçirilir.



Rusiyanın Ukraynaya qarşı bütün bu hazırlıqları fonunda Qərb ölkələrinin liderləri və diplomatları bir-birinin ardınca Moskvaya səfər edərək Kremli hücum niyyətindən daşındırmağa çalışırlar. Ötən gün fevralın 10-da Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Moskvada olub, lakin Rusiya xarici işlər naziri Sergey Lavrov danışıqları “lal və karın söhbətinə” bənzədib, hər hansı anlaşma əldə olunmadığını açıqlayıb.

“Kommersant” qəzetinin yazdığına görə danışıqların qapalı hissəsində Liz Trass Lavrova Rusiyanın qoşunlarını Ukrayna sərhədlərindən çəkməsini tələb edib. Lavrov isə cavabında bildirib ki, Rusiya qoşunları ölkənin öz ərazisində yerdəyişmə edir və buna haqqı var. Trass yenə qoşunların geri çəkilməsinin vacibliyini bildirib, Lavrov da dediklərini eynilə təkrar edib. Qarşılıqlı atmacalardan sonra Rusiya xarici işlər naziri görünür ironiya ilə soruşub: London qoşunların cəmləşdirildiyi Rostov və Voronej vilayətləri üzərində Rusiyanın suverenliyini tanıyırmı?

“Böyük Britaniya Rusiyanın bu regionlar üzərində suverenliyini heç vaxt tanımayacaq”,-qəzetin yazdığına görə Liz Trass qısa pauzadan belə cavab verib. Bu vaxt söhbətə Böyük Britaniyanın Moskvadakı səfiri Debore Bonnert müdaxilə edib və nazirə izah edib ki, söhbət həqiqətən Rusiya ərazilərindən gedir…

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA