Polisin Aydın Babayevi məhv etməsi nə dərəcədə zəruri idi? - DİN-dən AÇIQLAMA

Polisin Aydın Babayevi məhv etməsi nə dərəcədə zəruri idi? - DİN-dən AÇIQLAMA


Xəbər verdiyimi kimi, dünən sevgilisinə bıçaqla xəsarət yetirdiyi üçün onu şöbəyə dəvət edən iki polis əməkdaşını bıçaqlayan Aydın Babayev bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilərək məhv edilib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hadisə ilə bağlı ilkin açıqlamasında bildirib ki, A.Babayevin saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, polis əməkdaşlarına silahlı müqavimət göstərib. Buna görə də polis əməkdaşları tərəfindən silah tətbiq edilib.

Bir neçə saat sonra isə Baş Prokurorluq açıqlama yayaraq həmin şəxsin əl qumbarası ilə özünü və polisləri partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirildiyi qeyd edilib.

Bunun ardınca sosial şəbəkələrdə Aydın Babayevin məhv edilməsini tənqid edənlər sual ediblər ki, həmin şəxs polisə real olaraq təhlükə yaradıbmı? Həmçinin, prokurorluğun məlumatında Aydın Babayevin müqavimət göstərməyə cəhd etdiyinin qeyd edilməsi suallar yaradıb.

Ehsan Zahidov bununla bağlı “Qafqazinfo”ya növbəti açıqlamasında qeyd edib ki, onun səhər saatlarında sorğuya cavab olaraq verdiyi açıqlama ilkin məlumat əsasında hazırlanıb:

“Mənim cavabımdan sonra hadisə yerinə ətraflı baxış keçirilib və təfərrüatlar öyrənilib. Mən qeyd etdim ki, polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərilib. Prokurorluğun da məlumatında bildirilir ki, hadisə yerindən, evdən boş giliz tapılıb. Bu özü onu sübut edir ki, Aydın Babayev polis əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib. Buna görə də Baş Prokurorluğun rəsmi açıqlaması ilə mənim sorğuya cavab olaraq verdiyim ilkin məlumat arasında heç bir ziddiyyət yoxdur”.

E.Zahidov həmin şəxsin məhv edilməsinin zəruriliyi barədə sualı da cavablandırıb:

“Həmin şəxsin üzərində tapança və qumbara olub. Bu da axtarışda olan şəxsin saxlanılması üçün cəlb edilən əməliyyat qrupunun üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə idi. Üstəgəl, bu adam əməliyyat vaxtı üzərində olan tapançadan istifadə edərək polisə atəş açıb. Həmçinin, bir gün öncə də xidməti vəzifələrini yerinə yetirən iki polisi bıçaqlayaraq hadisə yerindən qaçaraq gizlənib. Demək ki, həmin şəxs çox təhlükəli, silahlı bir cinayətkardır. Polis əməkdaşları mövcud qanunvericiliyin tələblərinə uyğun davranıblar.

Ən demokratik dövlətlərdə, Amerikada, Avropanın inkişaf etmiş ölkələrində belə bir şəxsin məhv edilməsi üçün heç vaxt tərəddüd edilmir. Həmin ölkələrdə müqavimət göstərən şəxsin silahlı olması barədə şübhə yarananda heç atəş açmasa belə, o, dərhal məhv edilir”.

Xidmət rəisi əlavə edib ki, dünən bıçaqlanan polislərdən biri ürək nahiyəsindən xəsarət alıb:

“Hazırda hər iki polis əməkdaşı xəstəxanadadır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Həkimlər onların həyati təhlükəsinin aradan qaldırılması üçün çalışırlar”.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA