"Sürpriz gəlişmə olacaq" Rus ordusu Putinə qarşı: KREMLİ ÇALXALAYAN MESAJ

"Sürpriz gəlişmə olacaq" Rus ordusu Putinə qarşı: KREMLİ ÇALXALAYAN MESAJ


“Son yüz illik tarixində bəlkə də ən ağır sistem böhranı yaşayan Rusiyaya düşdüyü vəziyyətdən çıxmaq üçün “xarici düşmən” amili hava-su kimi lazımdır”.

TTVXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiyanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:

“Rusiya prezidentinin avantürist Ukrayna siyasətinə dair yeni mesaj var. Bu dəfəki mesaj ABŞ, NATO və ya Qərbdən, hətta heç Ukraynadan da deyil, Rusiyanın öz daxilindən – “Ümumrusiya Zabitlər Məclisi”ndən gəldi. Özü də elə döyüşçüsayağı - sərt şəkildə və ağır ittihamlarla dolu.

Əvvəlki açıqlamalarımızda bildirmişdik ki, Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsi haqda gedən diskussiyalar yalnız imitasiya xarakteri daşıyır, çünki belə bir addım Moskva üçün ən ağır nəticələrə səbəb olardı. Mümkün nəticələr arasında da aşağıdakıları göstərmişdik:



Birinci, daxili ziddiyyətlər səbəbindən pərakandə vəziyyətdə olan NATO-nun və Qərbin səfərbər olunaraq Rusiyaya qarşı vahid güc kimi çıxış etməsi;

İkinci, hərbi uğursuzluq ehtimalının yüksək olması;

Üçüncü, Rusiyaya daha sərt sanksiyaların tətbiqi;

Dördüncü, bunların nəticəsi olaraq Moskvanın qlobal güc statusunu itirərək geosiyasi mübarizədən kənarda qalması;

Beşinci, Rusiya cəmiyyətində parçalanma, revanşist millətçi-panslavyanist cərəyanların güclənməsi və s.

Bu da aydındır ki, özünün SSRİ və post-sovet dövrünü əhatə edən son yüz illik tarixində bəlkə də ən ağır sistem böhranı yaşayan Rusiyaya düşdüyü vəziyyətdən çıxmaq üçün “xarici düşmən” amili hava-su kimi lazımdır. Kreml ideoloqları son 15-20 il ərzində həmin “düşmən”i yanlış ünvanda - Ukraynada axtarırdılar. Bu da səbəbsiz deyildi: Kreml strateqləri Putin rejimi ilə Rusiya cəmiyyəti arasındakı əks əlaqəni və cəmiyyətin reallıqlarını anlaya biləcəkləri böhran nöqtəsindən sürətlə uzaqlaşmaqda idilər. Görünür, bu, artıq baş vermiş faktdır, əks halda hədəf kimi Ukrayna heç bir halda seçilməməliydi.

Mümkündür ki, Moskvanın Ukrayna siyasətinin memarları bu ölkəyə təhdid yaradılacağı halda xarici amilin mümkün rolunu da dəqiq hesablaya bilməmişdilər. Hər halda bu gün görünənlər məhz onu deməyə əsas verir. Son iki ay ərzində Ukrayna ordusunun silahlandırılmasının intensivliyi çox güman ki, indi Kremli öz siyasətinə yenidən baxmağa məcbur edir. Amma təkcə Kremli yox”.

Ərəstun Oruclu qeyd edib ki, Ukrayna siyasətinin mümkün nəticələrinin yuxarıda göstərilən bəndlərinin ilk dördü ətrafında müzakirələr yetərincə olub:

“Odur ki, bu gün 5-ci bənd üzərində dayanmağa xüsusi ehtiyac var. Yəqin ki, bir çoxları cəmiyyətdən gələ biləcək əks reaksiyaları Rusiyada rüşeym durumunda olan “liberal-demokrat kəsim”dən gözləyirdi. Əvvəlki dəyərləndirmə və təhlilllərdə də həmin reaksiyanın Rusiya ictimai-siyasi spektrinin əks qütbündən - onun millətçi və panslavyanist seqmentindən gələcəyini göstərmişdik. Belə də oldu. İkinci gündür Rusiya və rusdilli xarici media ilə yanaşı, bəzi Qərb hərbi-analitik çevrələri də “Ümumrusiya Zabitlər Məclisi”nin ölkə vətəndaşlarına və Rusiya hakimiyyətinə müraciətini müzakirə edir.

Məclisin sədri general-polkovnik Leonid İvaşovun imzaladığı müraciətdə Putinin xarici siyasəti “cinayətkar” adlandırılır və Rusiya üçün əsas təhdidin onun (ölkənin) daxilindən qaynaqlandığı göstərilir. Həmin təhdidin mənbəyi kimi isə qabiliyyətsiz idarəçilik, hakimiyyətin antixalq mahiyyəti, mövcud modelin uğursuz olması göstərilir. Kreml iyerarxiyasını faktiki olaraq rus xalqının məqsədli məhvində ittiham edən müraciətin müəllifləri ölkədə sistem böhranının olmasını və Ukraynaya qarşı müharibə başlayacağı halda Rusiya üçün tarixin bitəcəyini bildirirlər. Ümumiyyətlə, tonu son dərəcə ağır olan müraciət müstəsna olaraq sərt ittihamlar və tələblər şəklində tərtib olunub.

Belə bir müraciəti simptomatik də hesab etmək olardı, amma diqqətçəkən başqa bir məqam - onunla eyni gündə tanınmış rusiyalı hərbi analitik Mixail Xodoryonokun mümkün Rusiya-Ukrayna müharibəsi haqda dərc etdiyi ekspertiza olmasaydı. Maraqlı təkcə onların eyni tarixdə dərc olunması deyil, həm də ritorika baxımından oxşarlığıdır.

İllərdir ictimai rəyi Ukraynaya qarşı müharibəyə kökləyən Kreml analitiklərini, daha doğrusu təbliğatçılarını sərt şəkildə tənqid edən Xodoryonok onları qeyri-peşəkarlıqda, yanlış dəyərləndirmədə və digər günahlarda ittiham edir və tanış olmadıqları mövzularda danışmamağa çağırır. Mümkün müharibəni hərbi-strateji baxımdan bənd-bənd təhlil edən analitik Rusiyanın uzunmüddətli hərbi qarşıdurmaya çəkilərək ağır duruma düşə biləcəyini göstərir. Digər diqqətçəkən məqamlardan biri də müəllifin Rusiya ordusunun, onun silah təhcizatının durumu barədə Putinin pozitiv dəyərləndirmələrini təkzib etməsidir.

Beləliklə, bir çoxlarının Putinin Ukrayna avantürasına qarşı Rusiya cəmiyyətinin küncə sıxılmış demokratik kəsimindən etiraz səslərinin ucala biləcəyini gözlədiyi halda, “günün günorta çağı” yaylım atəşi açıldı. Özü də necə deyərlər, ağır artilleriyadan. İstisna deyil ki, “atəş” əmri də eyni mərkəzdən verilib”.

Ekspertin sözlərinə görə, kimsəyə sirr deyil ki, müxtəlif zabitlər birlikləri, digər bu tipli hərbi təmayüllü qurumlar və ekspertlər adətən ordu ilə sıx əlaqədə fəaliyyət göstərirlər:

“Odur ki, onların bəyanat, müraciət və dəyərləndirilmələri də ordunun mövqeyinin ifadəsi kimi qəbul edilə bilər. Odur ki, yuxarıdakı mesajların da Rusiya ordusunun Putin hakimiyyətinə xəbərdarlığı olduğunu deyə bilərik. Gözlənilən də bu, idi. Müxalifətin, medianın və digər vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarıldığı ölkələrdə hakimiyyət uğrunda mübarizənin elə hakimiyyətin özünün daxilinə keçməsi simptomatik haldır. Bir o fərqlə ki, Rusiyada həmin mübarizədə hakimiyyətə iddialı tərəf kimi görünən ağır silahlara malik olan “müxalifətdir”.

Onun qarşısında isə təkcə zopalı polislər və məkrli FSB çekistləri deyil, hətta yüngül silahlara malik olan “Rosqvardiya” dəstələri də acizdir. Bu halda yumurtabaş Kreml təbliğatçılarının da şansları sıfıra bərabərdir, çünki silahlar danışanda artıq heç kəsin səsi eşidilmir. Belə görünür, öz daxili opponentini (ordunu) Qazaxıstan, Ukrayna və s. bu kimi avantüralara cəlb edərək onu həm siyasi mübarizədən yayındırmağa, həm də cinayətlərə bulaşdırmağa çalışan Kremlin səyləri qarşı tərəfin səbrinin tükənməsinə gətirib çıxarıb. Belədirsə, o zaman yaxın dövrlərdə Rusiyada sürpriz siyasi proseslərin şahidi ola bilərik”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA