Ərzaq bir az da bahalaşacaq - Xalqı böhrandan necə xilas etməli?

Ərzaq bir az da bahalaşacaq - Xalqı böhrandan necə xilas etməli?


“Dünyada qlobal istiləşmə kənd təsərrüfatı məhsullarının istehsalını azaldıb. Bir tərəfdən dünya əhalisi artır, digər tərəfdən isə dünya bazarlarında tələb təklifi üstələyir. Bu da qiymətlərin artmasına gətirib çıxarır”.

Bu sözləri Bakupost.az -a millət vəkili Azər Badamov qiymət artımları ilə bağlı danışarkən deyib.

O, dünya iqtisadiyyatının qlobal böhrana getdiyini qeyd edib:



“Dünya bazarlarında malların qiymətləri hər gün artmaqdadır. Dünyanın inkişaf etmiş ölkələri də qiymət artımları ilə mübarizə apara bilmir. ABŞ iqtisadiyyatı son on illiklər ərzində ilk dəfə olaraq 1,5% geriləyib. Yəni dünya bazarlarında qiymət artımlarına təsir edən və bunu sürətləndirən amillər mövcuddur. Birinci səbəb qlobal iqlim dəyişiklikləridir. Dünyada qlobal istiləşmə kənd təsərrüfatı məhsullarının istehsalını azaldıb. Bir tərəfdən dünya əhalisi artır, digər tərəfdən isə dünya bazarlarında tələb təklifi üstələyir. Bu da qiymətlərin artmasına gətirib çıxarır. Amma son 4 ayda qiymət artımlarını sürətləndirən əsas amil Rusiya-Ukrayna müharibəsidir. Rusiya və Ukrayna dünyada ən böyük ərzaq məhsulları ixracatçılarıdır. Müharibə nəticəsində Ukraynanın ixrac imkanları məhdudlaşıb. O cümlədən, əkilmiş məhsulların yığılması və istehsalının hansı səviyyədə baş tutacağı məlum deyil. Rusiyaya tətbiq olunmuş sanksiyalar bu ölkənin dünya bazarlarında payını azaldıb. Rusiya həm də özünə dost və dost olmayan ölkələr bəyan edib. Malların ixracında da müəyyən məhdudiyyətlər və kvotalar tətbiq olunub. Beləliklə, dünya bazarlarının əsas istehlakında olan malların qıtlığı hiss olunur. Rusiya-Ukrayna müharibəsi uzun çəksə və ABŞ-la Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların müddəti uzunömürlü olarsa, dünya bazarlarında mal və məhsulların qiymətləri artmaqda davam edəcək”.

Deputat inflyasiyanın Azərbaycana təsirləri barədə də danışıb:

“Azərbaycan da dünyanın bir parçası olduğu üçün ölkəmizdə də qiymət artımların olması qaçılmazdır. Bu gün qiymət artımlarını əsasən, idxal etdiyimiz mallarda hiss edirik. Təbii ki, hökumət ərzaq təhlükəsizliyinin təmin edilməsi və anti-inflyasiya tədbirləri görür. Yəni hökumət mövcud resursları səfərbər edərək qlobal bazarlarda baş verən qiymət artımlarının ölkə vətəndaşlarına təsirlərinin azaldılması istiqamətində tədbirlər planı hazırlayır. Məsələn, minimum ərzaq səbətinə daxil 30 adda məhsulun ixracı məhdudlaşdırılıb. O cümlədən, imkan daxilində ölkədə taxıl ehtiyatı yaradılır. Hökumətin atdığı addımlara baxmayaraq, ilin sonuna qədər qiymətlərdə artımların olacağı gözləniləndir. Bu gün əsas qlobal çağırış qiymət artımı yox, ərzaq qıtlığının olmamasıdır. Qiymət artımlarının əhalinin aztəminatlı təbəqəsinə təsirlərini azaltmaq üçün sosial proqramların davam etdirilməsini vacib hesab edirəm. Yəni qiymətlər artdıqca insanların alıcılıq qabiliyyəti artmalıdır”.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA